ALTI AY, ALTI GÜN, ALTI SAAT | ŞAMXAL HƏSƏNOVUN ROMANI BARƏDƏ

Bu roman yazıçılar üçün dərslikdir, məktəbdir. Yazıya marağı olan, yazı ilə əlləşən hamı bu kitabı mütləq oxumalıdır, çünki Azərbaycan dilini bilməyən müəlliflə Azərbaycan dilində düşünməyən redaktor əl-ələ verib, köməkləşib və yazarkən edilməməli olan hər şeyi göstərən mətn ərsəyə gətirib. Əslində, "roman" sözünü işlətmək istəməzdim, ancaq onun əvəzində "əsər" yazsaydım, reallıqdan daha çox uzaqlaşmış olacaqdım. Sadəcə, "mətn" də uyğun olmur, çünki mənasız da olsa, süjet xətti, əxlaqsız da olsa, obrazları, urvatsız da olsa, dialoqları var.
Müəllif Şamxal Həsənov yaxın dostumdur, az qala hər gün danışırıq, mən Vətəndə, o isə qürbətdə olanda görüşürük, necə deyərlər, tonla çörək kəsmişik, xətrini çox istəyirəm. Məhz buna görə də mətnə ən əziz adamın yazısı kimi yanaşıram və təhlildə heç bir güzəştə yol vermirəm.
Roman birbaşa müraciətlə, ikinci şəxsin cəmində yazılıb: siz belə etdiniz, siz onda bunu dediniz... arada isə mötərizədə təhkiyəyə daxili düzəlişlər girir: ("canım, əslində, o belə olmuşdu... canım, sən o vaxt belə demişdin"). Müraciət olunan isə oxucu deyil, Kənan adlı personajdır. Kənan öz baldızının qızı, öz gəlini – öz oğlunun öz arvadı Həlimə ilə eşq yaşayır; oteldə, ofisdə, mümkün olan hər yerdə görüşüb sevişirlər. Arvadı Ceyran psixoloq, oğlu Ayxan isə qumara meyillidir. Müəllif hadisəçilikdən qaçır, personajların hisslərinə köklənir. Bu, özlüyündə yaxşı niyyətdir, ancaq Şamxal bunu "Səs və ya Qırmızı"dakı rahatlıqla bacarmır, mətni hissbəhiss toxuya bilmir. Belə ki, bu naqolay münasibətin kökünü, fəlsəfəsini, məntiqini, psixologiyasını heç vaxt görmürük: qaynata ilə gəlin bu işə necə girişir, qız buna hansı düşüncə ilə razılaşır? Roman bu barədə heç nə demir. Üstəlik, bu münasibət mətndə "sevgi" adlanır, lakin ədəbiyyat nümunəsi olmaq iddiasındakı bir romanda bunun niyə sevgi olduğuna dair zərrə qədər işarə yoxdur. Sonlara yaxın Ceyran şübhələnir, Həlimə evi tərk edir, izi itir. Kənan vağzala yollanıb qızın hansı qatarla getdiyini öyrənmək istəyir, bacarmır. Son bölmədə danışan Ceyran olur və özünə müraciət edir.
Roman boyu Kənanın bütün dərdi bu olur: Həlimə boşanıb onunla getsin, o da uşağın babasından atasına çevrilsin. Ancaq bu dilemma onu incidir, qərar verə bilmir. Şamxal romanın ağırlıq mərkəzini bu dilemmaya qoymaq istəyib, ancaq düşünürəm ki, yaxşı alınmayıb. Çünki romanın heç yerində "niyə?" sualına cavab yoxdur. Məni ən çox bu boşluq narahat etdi, hər şey olduqca səthi və dayaz baş verir. Heç yerdə personajın daxilinə enə bilmirik.
Dil də ürəkaçan deyil. Guya Kənan hər şeyi yaradıcı zəkasını qısqandığı (səhifə 225) yazıçı dostuna danışıb, biz də onun nəqlini oxuyuruq. Ancaq mətn intellektinə paxıllıq olunası bir yazıçının əlindən çıxmışa yox, daha çox türk dilindən tələm-tələsik tərcümə olunmuşa oxşayır. Şezlonq, əndişə, upuzun, aparıq, ipincə, kofeşop kimi sözlər, peşinə düşmək, üzülmək (kədərlənmək mənasında), baxış atmaq, ricada bulunmaq kimi ifadələr adamın zəhləsini tökür. Məsələ təkcə yad sözlərin ifrat çoxluğunda da deyil. Dilimizdə "kədərlənmək", "darıxmaq" kimi təmiz, hazır sözlər ola-ola yazıçının, uyğun olaraq, "üzülmək" və "sıxılmaq" işlətməsi, sadəcə, kədərlidir. Lakin hələ də ümid eləmək olar ki, Şamxal dili seriallardan öyrənmir, sadəcə olaraq, xarici ədəbiyyatı türkcə mütaliə edir, daxili ədəbiyyatı isə bəyənmir. Bəs Şərif Ağayar hara baxırdı? Redaktor nə üçündür bəs? Müəllif fəlsəfəni, hissi, vəziyyəti, psixologiyanı, obrazın daxili aləmini öz bildiyi dildə ifadə edir, redaktor isə onu mükəmməl dilə oturdur. Bu romanda isə hiss, vəziyyət, psixologiya, daxili aləm yarımçıq, dil şikəstdir.
Şamxal da bəzi müasir yazıçılar (yaxud özünü elə zənn edənlər) kimi "şəhadət barmağı" əvəzinə "işarət barmağı" yazır — elə bilir, şəhadət ərəbcədən alınmadır, işarət isə bizimkidir; halbuki hər ikisi ərəbcədən gəlir. "Növbə" əvəzinə "sıra" yazmaq da elə həmin xətaya düşməkdir, çünki növbə ərəbcədən, sıra farscadan alınıb. Yağışdan çıxıb yağmura düşürsən.
Müəllif bəzi müasir yazıçılar (yaxud özünü elə zənn edənlər) kimi xarici adları da mənbə dildə yazıldığı kimi saxlamalı olduğunu zənn edib; məsələn, Erik Sati əvəzinə Eric Satie yazır. Bizdə belə bir adsız cərəyan var, nümayəndələri adları mənbə dildə olduğu kimi saxlamağa çalışırlar. Ancaq nədənsə bu qaydanı yalnız latın hərfləri ilə yazılan adlara şamil edirlər. Hünərləri var, ərəb, gürcü, rus adlarını da orijinal dildə yazıldığı kimi saxlasınlar. Məsələn, ნოდარ დუმბაძე yaza bilmirlər, Nodar Dumbadze yazırlar, ancaq Jan-Pol Sartr əvəzinə Jean-Paul Sartre yazanda düz olduğunu zənn edirlər. "Onların çoxu ancaq zənnin ardınca gedir. Şübhəsiz ki, zənn əsla həqiqətin yerini tuta bilməz" – bunu mən demirəm, Quran deyir (bax: Yunus surəsi, 36-cı ayə). Elə ona görə də tutarsızlıq özünü Şamxalın romanında da göstərir və müəllif Eyfel məsələsində, loru dildə desək, büdrəyir: orada orijinaldakı kimi Eiffel yox, elə düzgün, azərbaycanca (oxunduğu kimi) Eyfel yazır. Halbuki Eyfel də fransız soyadıdır. Deməli, ortada prinsip yox, təsadüf var, intellekt yox, bilməməzlik var.
Romanın marka asılılığından isə heç danışmağa dəyməz. Elə bil "Marshall", "Ray-Ban", "Ritz Carlton" pul verib, kitaba reklam yerləşdirib.
Müəllifin mövqeyi məsələsi ayrıca dərddir. Şamxal öz danışdığı əhvalatın bayağılığından, deyəsən, özü də utanır; baş verən hadisələrin etik-əxlaqi tərəfini dəstəkləmədiyini dəfələrlə vurğulayır, az qalır, and içsin ki, Allah haqqı, Kənanla razı deyiləm, anamın canı, mən onun elədiklərini dəstəkləmirəm... Müəllifin mövqe bildirməsi pis deyil; pis olan, müəllifin bu mövqeyi bədii mətndə həll edə bilməməsidir. O, fikrini toxumaya hopdurmaq əvəzinə didaktik formada, obrazını birbaşa təhqir edərək çatdırır: "vicdansız Kənan" (səhifə 187), "əclaf... xəstə ruhlu Kənan" (səhifə 97). Vaxtilə akademik Kamal Abdullanın "Laokoon"unda müəllif öz qəhrəmanını həddən artıq sevib qalan hamını "nadürüst" sayırdısa, burada Şamxal öz qəhrəmanını söyür. İki ayrı uc, eyni qüsur: hər ikisində müəllif mövqeyini mətnin üstündən deyil, öz dilindən, obrazın başına çırparaq ötürür. Eyni problem obrazların bir-birindən seçilməməsində də üzə çıxır. Romanın ortalarında Elvira adlı bir qadının məktubunu oxuyuruq (səhifə 118), ancaq Elvira da elə Şamxal kimi yazır: eyni cümlələr, eyni təhkiyə, dilimizi kirlədən eyni qondarma ifadələr. Elvira da evli kişi ilə (əlbəttə ki, Kənanla) münasibət yaşayıb, roman bunu da "sevgi" adlandırır, yenə bir işarə vermədən. Halbuki "Səs və ya Qırmızı" romanında Şamxal üç obrazın daxili aləmini fərqli səslərlə verə bilmişdi, mən də bunu alqışlamışdım. Burada isə əksinədir: obrazlar danışmır, hər yerdə elə müəllif danışır, sadəcə öz sözlərini personajlar arasında bölüşdürür.
Olmayanları sadalamaqla bitirmək insafsızlıq olardı, bir az da olanlardan danışaq. Şamxalın maraqlı, zərif, ürəyə yağ kimi yayılan cümlələri də var, harada görsən, tanıyarsan. Arabir, təkəmseyrək boy göstərsə də, var. Məsələn (bütün nümunələr 20.02.2025 tarixində, "Qanun" nəşriyyat evində çap olunan birinci nəşrdəndir):
– "Çiyninizə baş qoyan yumşaq kədərə təsəlli vermək üçün o zərərsiz qadının müti, heysiz qollarından tutar, onun həmişə mülayim baxan, bu gün yorğunluq yağan gözlərinə zillənib pis bir bəhanə mızıldanarsınız". – səhifə 30;
– "Şəhərin küçələri, başdan-başa Yusif Səfərov tıxacı və hərdən səkidə görünən kiçik insan siluetləri qənaətlə işləməyə başlayandan bəri özünü hər şeyə çatdıra bilməyən küçə lampalarının sarımtıl işıqlarına, Xəzər isə axşamın qaranlığına qərq olmuşdu". – səhifə 156.
Bu cür yerlər romanı xilas edəcək qədər deyil, ancaq "yoxdur" da demək olmur. Şamxalın birinci kitabını bəyənmişdim; orada yenilik vardı, ilk romanını yazan gəncin əziyyətlə qurduğu təsvirlər, üstündə düşünülmüş cümlələr ortabab süjeti ehtişamlı bir mətnə çevirmişdi. Bu roman isə məni məyus etdi.
Kitab "Qanun" nəşriyyatında çox yüksək keyfiyyətsizlikdə çap olunub.
Belə. "Altı ay, altı gün, altı saat"ı gözləyərkən çox səbirsizlənirdim, möhtəşəm bir əsər olacağına ümidim vardı; oxuyub hər cümlənin, hər obrazın, hər təsbitin altındakı dərin qatları bir-bir təhlil etmək istəyirdim. Olmadı, çox təəssüf. Müəllif də, redaktor da zənnə qapılıb.
Mən isə Şamxalın bundan qat-qat yüksək romanlara layiq olduğunu zənn etmirəm. bilirəm!
5 iyun 2026