ÖLÜDAŞIYANLAR ÜÇÜN TƏLİMAT KİTABI | FUAD İSAYEVİN ROMANI BARƏDƏ

ÖLÜDAŞIYANLAR ÜÇÜN TƏLİMAT KİTABI | FUAD İSAYEVİN ROMANI BARƏDƏ

Fuad İsayevin "Ölüdaşıyanlar üçün təlimat kitabı" çoxdanışan adam təəssüratı yaradır. Roman 1992-ci ilin xaosunda atasını axtaran Qara adlı personajın hekayəsini nəql edir. Əsərin ən diqqət çəkən tərəfi onun formalaşdırdığı boz və yağışlı atmosferdir. Müəllifin yaratdığı bu rəngsiz dünya həmin dövrlərin ruhuna yaraşır. Bozluğun içində mistik funksiya daşıyan "Bənövşəyi Maşın" və "Çəhrayı Qoyun" təzadı maraqlı bədii tapıntıdır. Xüsusən, müharibə ucbatından ev-eşiyindən didərgin düşmüş insanların öz şəxsi əşyalarının Bakı bazarlarında satılmasına şahidlik etməsi səhnəsi dövrün faciəsini dolğun əks etdirən uğurlu bir detaldır. Mətndə rast gəlinən "...qərarsızlıqdan və pulsuzluqdan evə qayıtdım", "Soyuq mərmi ovucunun istisini aparır..." və ya "Nəvəsinin tullanıb-düşməyinə baxır, gücü çatanda gülümsəyir..." kimi ifadələr müəllifin bədii müşahidə qabiliyyətindən xəbər verir.

Lakin bu uğurlu məqamlar müəllifin üslub yaratmaq cəhdində məzmunu formaya qurban verməsi ilə kölgələnir. Fuad İsayev bütün roman boyu ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş "əlifba kitabı" səviyyəsində, ifrat dərəcədə qısa və bəsit cümlələrdən istifadə edir. Bu texnika oxucuda "Tutu topu tutdu" və ya "Ata, ata ot at" kimi sadə təəssürat yaradaraq mətni bədii dərinlikdən məhrum edir. Bəzi yerlərdə müəllif guya uzun cümlə qurmağa çalışsa da, əslində heç nə dəyişmir; sadəcə qısa cümlələr arasındakı nöqtələr vergüllə əvəzlənir ki, bu da funksional deyil, yorucu bir üslubdur. Müəllif ötürmək istədiyi mesajı bədii toxuma daxilində həll etmək əvəzinə, tez-tez fikirləri hazır tezis formasında mətndən qopararaq birbaşa ifadə edir.

Mətn mənə səkkiz il bundan qabaqkı bir məktubu xatırlatdı. On yaşlı qardaşoğlum mənə məktub yazmışdı və məktub bundan ibarət idi: "Salam. Mən yaxşıyam. Anam mətbəxdə yemək bişirir. Çörək almağa gedəndə ayağımı arı sancdı". Bəzi yerlərdə "Ölüdaşıyanlar üçün təlimat kitabı" bu məktubun xeyli uzadılmış forması kimi görünürdü.

Belə ki, mətndə romanın gövdəsinə bağlanmayan, məzmuna aidiyyəti olmayan səhnələr çoxdur. Oxuyursan, oxuyursan, axırda deyirsən: "Hə, nə olsun?"

Linqvistik baxımdan təhkiyəçinin dilinə hopmuş "peç" (soba), "bortovoy" (kənarlı), "koridor" (dəhliz), "xodlamaq" (alışdırmaq) və "bakenbard" (birçək) kimi kəlmələr əsərin bədii estetikasına xələl gətirir. Dialoqlar isə əksər hallarda süjetdən qopuqdur və əsas məzmunu inkişaf etdirməyən boş söz yığını kimi görünür. Müəllifin durğu işarələri ilə də nəsə problemi var; dialoqlarda klassik qaydalar ləğv edildiyi halda, mətnin digər hissələrində heç bir bədii zərurət olmadan qondarma işarələr tətbiq olunub. "Və" bağlayıcısının hər cümlədə lüzumsuz dərəcədə təkrarı isə mətndə ciddi redaktə probleminin olduğunu göstərir.

Ümumiyyətlə, roman müharibə illərinin ağırlığını ötürməkdə, dövrün absurd xaosunu çatdırmaqda uğurludur. Boz, monoton obrazlar da buna xidmət edir. Müəllifin üslubu özünəməxsusdur, "pis", yaxud "yaxşı" demək mümkün deyil, sevmək, yaxud sevməmək olar. Mən sevə bilmədim. Boz, yağışlı atmosferi "Qalxdı. Baxdı. Yağırdı. Corabını gördü. Sol əlinə götürdü..." kimi cümlələrlə ötürən fəsilləri oxumaq məndə köhnə "Qaz-21" taksiyə oturub yağışlı havada Bakı tıxaclarında addım-addım getmək təəssüratı yaradırdı. Maşın və mühit bədii ruh verir, ancaq tıxac adamın zəhləsini tökür.

4 mart 2026